05.02.2018

Fənn olimpiadalarının şəhər mərhələsi

Fevralın 4-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib.

Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdləri aşkarlamaq, onların fənlərə olan marağını artırmaq,  sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaqdan ibarətdir.

Olimpiadaların şəhər mərhələsi paytaxtdakı 14 imtahan mərkəzində təşkil edilib. Olimpiadalar Binəqədi rayonu üzrə 3 və 276, Nərimanov rayonu üzrə 258, Nəsimi rayonu üzrə 211,  Nizami rayonu üzrə 220, Pirallahı rayonu üzrə 235, Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96, Suraxanı rayonu üzrə 114, Xətai rayonu  üzrə 95 və 138, Xəzər rayonu üzrə 181,  Yasamal rayonu üzrə 18 nömrəli tam orta məktəblərdə, Səbail rayonu üzrə isə 160 nömrəli Klassik Gimnaziyada keçirilib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix fənnləri üzrə təşkil edilib. Olimpiadalarda IX, X və XI sinif şagirdləri iştirak edib. Həmçinin, xüsusi istedadı və hazırlığı ilə seçilən VII-VIII sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirənlər olub.

Respublika fənn olimpiadalarının ilk mərhələsinə 5104 nəfər (onlardan 4480 nəfəri Azərbaycan bölməsi, 624 nəfəri rus bölməsi olmaqla) Bakı məktəblisi qatılıb. Onlardan müvəffəqiyyət qazanan şagirdlər mart ayında keçiriləcək olimpiadanın Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər.

Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

 


Açar sözlər: ,  ,