16.02.2018

Paytaxtətrafı məktəblərdə görüşlər başa çatıb

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlər yekunlaşıb.

Görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.

Sonuncu görüşlər Suraxanı rayonu Dədə Qorqud qəsəbə 315 və Qaraçuxur qəsəbə 104 nömrəli tam orta məktəblərdə təşkil edilib.

Öncə qonaqlar məktəblərlə yaxından tanış olub, sinif otaqlarına baş çəkib, dərs prosesini müşahidə edib, tədris ocaqlarının pedaqoji kollektivi, şagird və valideynlərlə görüşüb.

Görüşlərdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə yenilənməsi, məktəblərdə şagirdlərin hərtərəfli vətəndaş kimi yetişdirilməsi üçün hər cür şərait yaradılmasından danışılıb.

Daha sonra “Azərbaycan Xalq Cümhuriyyəti İli” və “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində  məktəblərin qarşısında duran vəzifələr, məktəblərin mövcud  imkanlarından səmərəli istifadə olunması, şagirdlərin fərdi xüsusiyyətlərinə əsasən onlarla işin düzgün təşkili, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblərin təminat-təchizatı, müəllimlərin peşəkarlığının və şagirdlərin mütaliə vərdişlərinin artırılması, valideyn-məktəb əməkdaşlığı və digər müvafiq məsələlərdən bəhs olunub.

Görüşlər zamanı BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri çıxış edib, bir həftə ərzində davam edən  görüşlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, məktəblərdə təşkil edilən görüşlər, həmin təhsil müəssisəsinin özünəməxsus xüsusiyyətlərini daha yaxından müşahidə etməyə imkan verib.  

Həmçinin, məktəb direktorları, müəllimlər və valideynlər onları düşündürən məsələlərdən söhbət açıblar.

Qeyd edək ki, fevralın 12-dən başlayan görüşlər paytaxtın ətraf ərazilərində yerləşən bir sıra ümumi təhsil məktəblərini əhatə edib. Belə ki, görüşlər Qaradağ rayonu Çeyildağ qəsəbə Səyavuş Muradov adına 224 nömrəli ümumi orta, Səngəçal qəsəbə Fəzail Qədimov adına 222, Korgöz qəsəbə Elman Heydərov adına 197, Qızıldaş qəsəbə Azər Namazov adına 180 və Puta qəsəbə Kamran Yaqubov adına 184 nömrəli tam orta, Xəzər rayonu Qala qəsəbə 216, Zirə qəsəbə 324 nömrəli tam orta və Qışlaq sahəsi 122 nömrəli ümumi orta, Sabunçu rayonu Pirşağı qəsəbə 188 və 305 nömrəli tam orta, Suraxanı rayonu Dədə Qorqud qəsəbə 315 və Qaraçuxur qəsəbə 104 nömrəli tam orta məktəblərdə keçirilib.


Açar sözlər: ,  ,