23.02.2018

Xocalı soyqırımına həsr olunan tədbir

Xocalı soyqırımının iyirmi altıncı  ildönümü ilə əlaqədar tədbir keçirilib.

“Xocalı harayı” mövzusunda  keçirilən tədbir  8 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi və “Azərkitab” - Kitab Təbliğatı Mərkəzi ilə birgə təşkil olunub.

 Tədbirdə Bakı Şəhəri  üzrə Təhsil  İdarəsinin müdir müavini Hüseyn Əsgərov,  Məktəbdənkənar  fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, “Azərkitab” – Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov, layihə rəhbəri Mirisrafil Həsənov, 8 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova, müəllimlər və şagirdlər iştirak edib.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov tədbirdə çıxış edərək qonaqlara tarixin müxtəlif dövrlərində, xüsusilə XX əsrin sonlarında erməni silahlı birləşmələrinin havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğın və soyqırımı ilə bağlı məlumat verib. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman unutulmayacağını bildirib. Xalqımızın başına gətirilən faciələrlə bağlı fikirlərini şagirdlərlə bölüşən müdir müavini onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyib.

Daha sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hislərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə ifadə ediblər.

Tədbirdə Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən videoçarx   nümayiş olunub.

Sonda 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzin  dərnək üzvlərinin  əl işləri və rəsmlərindən  ibarət sərgiyə baxış keçirilib.


Açar sözlər: ,  ,  ,