23.02.2018

Paytaxtda “Açıq dərslər”in keçirilməsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Açıq dərs”lərin keçirilməsinə start verilib.

Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil edilən “Açıq dərs”lərin əsas məqsədi tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsi, şagirdlərin tədqiqatçılıq bacarığını üzə çıxarılması və müasir təlim texnologiyalarının tətbiqi istiqamətində qabaqcıl təcrübəni formalaşdırmaqdan ibarətdir.  Təcrübə mübadiləsi, fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da əsas komponentlərdəndir.

Dərslər paytaxtın bütün rayonlarında V-XI siniflərdə fənlər bloku (humanitar, texniki, təbiət və əlavə fənlər bloku) üzrə təşkil edilir. Uğurlu nəticələr əldə etmiş məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində keçirilən “Açıq dərs”lər bütün məktəblərdə eyni vaxtda start götürür.

Artıq paytaxt üzrə 51, 91, 13, 18 və 225 nömrəli məktəblərdə “Açıq dərslər” keçirilib.

Dərslər  müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik, məqsədyönlü  istifadəsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakının təmin edilməsi, müəllim tərəfindən motivasiya, tədris materialının şagirdin hazırlıq səviyyəsinə uyğunlaşdırılması, “Ən yaxşı dərs” üçün seçilmiş mövzunun proqrama uyğunluğu və bu kimi digər meyarlar üzrə qiymətləndirilir. Dərslər dinlənildikdən sonra təhlil və müzakirə edilir.

Qeyd edək ki, dərslərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Təlimə Dəstək Mərkəzinin metodistləri və rayon üzrə digər məktəblərin qabaqcıl müəllimləri iştirak edib.

“Açıq dərs”lər aprel ayınadək davam edəcək.


Açar sözlər: ,  ,