26.02.2018

Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Təhsil müəssisələrində “Xocalı uşaqların gözü ilə”, "Xocalısız 26 il", “Bir yurd vardır-Xocalı”, "Qar üstündə Xocalı qanı", "Xocalı qətliamı dünya tarixinin qan yaddaşında", "Xocalı qətliamı erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir",“Qanlı gecə”, “Xocalıya gedən yol” mövzularında dərslər, konfranslar, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar və rəsm müsabiqələri təşkil edilib.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsinin tarixindən bəhs olunub. Dərsləri tədris edən müəllimlər fevralın 25-i gecə saatlarından şəhərin toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıldığını və fevralın 26-sı səhər saat 5 radələrində şəhərin tamamilə alova büründüyünü bir daha şagirdlərin diqqətinə çatdırıb. Qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfər əsir götürüldüyü bildirilib.

Tədbirlərdə məktəblilər Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənlərimizi heç zaman unutmamağa səslənilib.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını müxtəlif şeirlər,  ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.

Xocalı soyqırımı ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr məktəblilər arasında müxtəlif mövzularında inşa yazı müsabiqələri keçirilib.

Həmçinin, təhsil müəssisələrində Xocalı faciəsi barədə filmlər nümayiş olunub, məktəblilərin və təhsil işçilərinin şəhid ailələri və soyqırım şahidləri ilə görüşləri keçirilib.

Qeyd edək ki, fevralın 26-da paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib. Eləcə də, Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar təhsil müəssisələrinin müəllim və şagirdlərinin “Ana fəryadı” abidə kompleksinə ziyarətləri təşkil olunub.


Açar sözlər: ,  ,  ,