02.03.2018

Fevral ayında  8 609  müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin fevral ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, mərkəzlərə 8 609 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 3 027 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 3 124 vətəndaş müraciəti daxil olub. 161 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 1 780 sənəd (vətəndaşlar tərəfindən 500 ərizə, Təhsil Nazirliyindən 220, digər qurumlardan 312, məktəblərdən 444 məktub, 52 strukturdaxili yazışma və 252 kadr ərizəsi)  qəbul olunub  və qeydiyyata alınıb. Həmçinin, 517 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, xüsusilə I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul  və digər məsələləri əhatə edib.

Qeyd edək ki, fevral ayı ərzində, həmçinin, BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 5 rayonu (Səbail, Yasamal, Qaradağ, Suraxanı və Xətai) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbul vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər araşdırılaraq operativ şəkildə həll olunub.