02.03.2018

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

22 fevral – 2 mart 2018-ci il tarixlərində paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab verilib. Suallar şərhlər vasitəsilə cavablandırılıb.

BŞTİ-nin “Facebook” səhifəsində daha çox qeydiyyat prosesi, 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbulu, mikroərazi prinsipi tətbiq olunan məktəblər, məktəbəhazırlıq qruplarında oxuyan uşaqların elektron sistem tərəfindən avtomatik I sinfə keçirilməsi, müəllim seçimi, lisey və gimnaziyalara müsabiqə yolu ilə şagirdlərin qəbulu, məktəbə təqdim olunacaq sənədlər və digər mövzularda suallar üstünlük təşkil edib.

Qeyd edək ki, fevralın 22-dən 2018-2019-cu tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində I sinfə şagirdlərin onlayn qeydiyyatı başlayıb. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə uşaqların qeydiyyatı isə martın 12-də başlayacaq. Uşaqların I sinfə qəbulu üçün valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin sistemdə qeydiyyatı sentyabrın 15-dək mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır.

Martın 2-nə (saat 17:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 35 000-dən çox sorğu yerləşdirilib.              


Açar sözlər: ,  ,  ,