07.03.2018

Məktəblərdə bayram tədbirləri

Paytaxt məktəblərində 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə çoxsaylı tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Beynəlxalq Qadınlar Günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, “Açıq dərs”, mühazirə və seminarlar, həmçinin, elm, idman və digər sahələrdə uğur qazanmış qadınlarla görüşlər təşkil edilib.

Məktəblərdə Beynəlxalq Qadınlar Günü ilə əlaqədar sərgi, müsabiqə və yarışlar da keçirilib. Müsabiqə və yarışların qalibləri diplom və medallarla təltif olunub.

Tədbirlərdə şagirdlərə Beynəlxalq Qadınlar Gününün yaranma tarixi haqqında məlumat verilib. Həmçinin, bu günün ölkəmizdə hər il qeyd olunduğu diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan qadını bütün dövrlərdə cəmiyyətə nümunə olub, milli xüsusiyyətlərini, ülvi və ali hisslərini qoruyub saxlayıb. Hazırda da ölkəmizdə qadınlar bütün istiqamətlər üzrə, o cümlədən də təhsil sahəsində xüsusi fəallıq nümayiş etdirirlər. Bununla yanaşı, respublikamızda gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun daha da artırılması istiqamətində ardıcıl işlər görülür.

Tədbirlərdə məktəblilər şeirlər söyləyib, mahnı oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Fəaliyyətində fərqlənən qadın müəllimlər Fəxri fərman və diplomla təltif edilib, hədiyyələr təqdim olunub.