15.03.2018

Xüsusi təhsil məktəbində bayram tədbiri

Martın 15-də Bakıdakı 3 nömrəli xüsusi təhsil məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı ənənələrini nümayiş etdirən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və idarənin struktur bölmə rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açıq elan edən xüsusi təhsil məktəbinin direktoru Nüşabə Heydərova bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruz münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan xalqının mənəvi dəyərlər sistemində bu bayramın özünəməxsus yeri olduğunu bildirib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə ruzi-bərəkət bəxş edən Novruz bayramı münasibətilə təbrik edib və onlara sevincdolu günlər arzulayıb. İdarə müdiri şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.

Tədbirdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş şeirlərdən parçalar söyləyib, mahnılar səsləndirib və maraqlı səhnəciklər nümayiş etdiriblər.

Bayram tədbiri “Yallı” rəqsi ilə yekunlaşıb.

Tədbirdən sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.


Açar sözlər: ,  ,  ,