19.03.2018

Paytaxt məktəblərində təntənəli bayram şənlikləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar təntənəli mərasimlər keçirilib.

Paytaxt məktəblərində “Xonçalı Novruz gəlir”, “Səməni saxla məni”, “Yurdumuza yaz gəlir”, “Novruz xalq bayramıdır”, “Milli-mənəvi dəyərlərimiz”, “Elimizə bahar gəlir”, “Novruz ənənələri” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. Həmçinin, bir sıra məktəblərin pedaqoji kollektiv üzvləri və şagirdləri hərbi hissələrə səfərlər ediblər.

Bundan əlavə, təhsil müəssisələrində Novruz bayramı münasibətilə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, "Ən yaxşı səməni", “Mənim xonçam” nominasiyaları üzrə müsabiqələr təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.

Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.

Bayram şənliklərində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirlərə rəngarənglik qatıb.   

Sonda bayram tonqalı qalanıb, məktəblilər tonqal ətrafında yallı gediblər.


Açar sözlər: ,  ,  ,