27.03.2018

Təhsil İdarəsində seminara start verilib

Martın 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində "Keyfiyyətin təminatı–sinifdaxili qiymətləndirmənin proseduru və metodologiyası" mövzusunda seminar işə başlayıb.

Seminarda BŞTİ-nin İnkişaf Layihələri sektorunun müdiri Anar Qədiməliyev, Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi, Almaniya və Niderlanddan olan təhsil ekspertləri Anke Köhler və Herman Fransse, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və Təhsil İnstitutunun ekspertləri iştirak edirlər.

Üçgünlük seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatını təkmilləşdirmək, müvafiq Avropa təcrübəsini bölüşmək, Azərbaycan məktəblərində qiymətləndirmə metodikası və qaydalarının təkmilləşdirilməsinə köməklik göstərməkdən ibarətdir.

Seminar iştirakçıları məktəbdaxili qiymətləndirmənin yeni yanaşma və tədqiqatları , formativ, summativ və yekun qiymətləndirmənin tətbiqi, qiymətləndirmə sahəsi üzrə testlərin hazırlanması, özünüqiymətləndirmə, məktəbdaxili qiymətləndirmədə açıq sualların əhəmiyyəti kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.

Seminar zamanı qonaqlar məktəb idarəetməsinə dair təqdimatlarla çıxış edib, BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığı da qeyd olunub.

Qeyd edək ki, seminar martın 29-da başa çatacaq.


Açar sözlər: