28.03.2018

Daha dörd komanda intellektual yarışmada

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət daha 4 komanda “Hazırcavablar” intellektual oyununda güclərini sınayıb.

Növbəti qarşılaşmada 147 nömrəli texniki-humanitar liseyin, 78, 230 və 236 nömrəli tam orta məktəblərin komandaları iştirak edib.  Məktəblilər “Dil və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Məntiq” və  “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırıb. 

İntellektual oyunun nəticələrinə əsasən, 230 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.