29.03.2018

Üçgünlük seminar başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində "Keyfiyyətin təminatı–sinifdaxili qiymətləndirmənin proseduru və metodologiyası" mövzusunda keçirilən seminar martın 29-da başa çatıb.

Seminarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Almaniya və Niderlanddan olan təhsil ekspertləri Anke Köhler və Herman Fransse, BŞTİ-nin struktur bölmə rəhbərləri, Təhsil İnstitutunun əməkdaşları və paytaxtın ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

Üç gün davam edən seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatını təkmilləşdirmək, müvafiq Avropa təcrübəsini bölüşmək, Azərbaycan məktəblərində qiymətləndirmə metodikası və qaydalarının təkmilləşdirilməsinə köməklik göstərməkdən ibarətdir.

Seminar zamanı qonaqlar məktəb idarəetməsinə dair təqdimatlarla çıxış ediblər.

Seminar iştirakçıları məktəbdaxili qiymətləndirmənin yeni yanaşma və tədqiqatları, formativ, summativ və yekun qiymətləndirmənin tətbiqi, qiymətləndirmə sahəsi üzrə testlərin hazırlanması, özünüqiymətləndirmə, məktəbdaxili qiymətləndirmədə açıq sualların əhəmiyyəti kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar. Həmçinin, xarici təhsil sistemi ilə Azərbaycanın təhsil sistemi arasında  oxşar və fərqli cəhətlər barədə müzakirələr aparılıb.

Seminarın sonunda iştirakçılar xatirə şəkli çəkdirib.


Açar sözlər: