04.04.2018

Aprel döyüşlərinə həsr olunmuş  silsilə tədbirlər

Paytaxt məktəblərində aprel döyüşləri ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozaraq dinc əhalini intensiv atəşə tutulması və Azərbaycan Ordusunun gücü, qüdrəti, peşəkarlığı nəticəsində düşmən həmləsinin qarşısının alınmasına həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilir.

Aprel döyüşləri ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanır, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilir.

Tədbirlərdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir. 2016-cı il aprelin 1-dən   2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması, dörd gün davam edən döyüşlər nəticəsində Azərbaycan ordusunun düşmən təxribatının qarşısının qəhrəmanlıqla alması, Lələtəpə və Talış yüksəkliklərinin işğaldan azad olması barədə şagirdlərə geniş məlumat verilir.

Bildirilir ki, aprel döyüşləri kimi tarixə düşən hadisələr zamanı  Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub və azad olunan ərazilərdə yeni mövqelər qurulub. Döyüşlərdə Erməni silahlı qüvvələri böyük itkilərə məruz qalıb.

Şagirdlər aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söyləyir, ədəbi-bədii kompozisiyalar göstərirlər.

Bundan əlavə, tədbirlərdə aprel döyüşləri zamanı Vətən yolunda qəhrəmancasına həlak olan şəhidlərimizdən bəhs edən videoçarx da nümayiş etdirilir.


Açar sözlər: ,  ,  ,