16.04.2018

Fənn aylıqlarında fərqlənən şagirdlər mükafatlandırılır

Paytaxt məktəblərində fənn aylıqları keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olaraq keçirilən fənn aylıqlarının əsas məqsədi şagirdlərin müxtəlif fənnlərə marağını, onların bilik və bacarıqlarını daha da artırmaq, müəllimləri tədris prosesində yaradıcı fəaliyyətə təşviq etmək, onların nümunəvi iş təcrübəsini nümayiş və təbliğ etməkdən ibarətdir.

Aylıqlar zamanı ayrı-ayrı fənnlərə aid “Açıq dərs”, konfrans, seminar, mühazirə, disput, “Dəyirmi masa”, viktorina, sorğu, kitab müzakirələri, müsabiqə, yarış və sərgilər təşkil olunur. Həmçinin, divar qəzetləri, stendlər, guşələr, bülletenlər hazırlanır. Eyni zamanda, məktəblilər tədqiqatlara cəlb edilir, onların bilik və bacarıqlarını yoxlamaq üçün monitorinqlər aparılır.

 Həmçinin, aylıqlar çərçivəsində məktəblilər üçün ekskursiyalar da təşkil olunur.

Fənn aylıqlarında fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif edilir.