23.04.2018

Daha dörd komanda qarşılaşdı

Paytaxt məktəblilərindən ibarət komandalar arasında növbəti  intellektual teleoyun keçirilib.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 70 nömrəli məktəb-liseyin və 76, 95, 121 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb. Məktəblilər “Azərbaycan dili”, “Tarix”, “İdman”, “Ordan-burdan” və digər bölmələr üzrə sualları cavablandırıb. 

İntellektual teleoyunun nəticələrinə əsasən, 76 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTv-nin birgə həftəlik telelayihəsidir. İntellektual teleoyunda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.