03.05.2018

Bakı məktəbliləri beynəlxalq festivalda

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) rəqs kollektivi Türkiyə Respublikasında keçirilən Beynəlxalq 23 aprel Pendik Uşaq Festivalında iştirak ediblər.

Uşaqlar arasında qardaşlıq, sevgi və dostluq əlaqələrini inkişaf etdirmək məqsədi ilə keçirilən festivalda UGİM-in rəqs qrupu “Naxçıvani”, “Qaval” və “Bayram” adlı Azərbaycanın milli rəqslərini ifa ediblər.

12 ölkənin qatıldığı festivalda paytaxt məktəblilərinin rəqs qrupunun rəngarəng çıxışları maraqla qarşılanıb.

Beynəlxalq festivalda məktəblilər Azərbaycan xalqının mədəniyyət və adət-ənənələrini nümayiş etdirib, tarixini və milli-mənəvi dəyərlərini öz həmyaşıdları ilə bölüşüblər.

Festival zamanı rəqs qrupunun üzvləri Pendik bələdiyyəsinin sədri, bələdiyyə nümayəndələri və məktəb direktorları ilə görüşlərdə olub, Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər.

Görüşlərdən sonra qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.