18.05.2018

Olimpiada qalibləri: Onları siz də tanıyın! - I

2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Azərbaycan Təhsil Portalının (Az.edu.az) birgə layihəsi çərçivəsində olimpiada qaliblərini təqdim edirik. Onları Siz də tanıyın.

 

 

Əhmədova Fazilə Kamil qızı

 

8 yanvar 2001-ci ildə anadan olub. 2006-cı ildə Bakı şəhəri 39 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 39 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Məktəbin Kiçik Akademiyasının üzvüdür. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənir.

2018-ci ilin aprel ayının 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən keçirilən yarışda riyaziyyat, fizika və kimya fənləri üzrə qalib olub.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında fizika üzrə II yeri tutub.

Memarlıq fakültəsi üzrə yüksək səviyyədə təhsil almaq və bir memar olaraq uğurlu dizaynlar yaratmaq istəyir. Ən böyük arzularından biri də fizika fənninin bütün dərinliklərinə yiyələnməkdir.

 

 

 

Bayramlı Turan Sübhan oğlu

 

23 may 2002-ci ildə anadan olub. 2008-ci ildə Bakı şəhəri 291 nömrəli Ekologiya Liseyinin I sinfinə qəbul olub. Hazırda 291 nömrəli Ekologiya Liseyinin X sinif şagirdidir. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənir.

2015-2016-cı tədris ilində fənn müsabiqəsində kimya fənni üzrə I yerə layiq görülüb. 10 dekabr 2016-cı ildə İndoneziyada keçirilən XIII Beynəlxalq Elm Olimpiadasında, o cümlədən 12 dekabr 2017-ci ildə Hollandiyada keçirilən 14-cü Beynəlxalq Elm Olimpiadasında kimya-biologiya-fizika fənnləri üzrə III yeri tutaraq bürünc medal qazanıb. 2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsində fizika fənni üzrə 15,75 bal toplayaraq III yerə layiq görülüb.

Müasir texnologiyalara, kompüterə böyük marağı var. Həkim olmağı arzulayır.

 

 

 

Nağılı Elvin Səxavət oğlu

 

20 may 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 12 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 12 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Yüksək tədris nailiyyətləri və nümunəvi davranışı ilə fərqlənir.

Futbola və musiqiyə böyük marağı var. Musiqi məktəbinin tar sinfində təhsil alıb. “Qarabağ” Futbol Klubunun təşkilatçılığı ilə Bakı şəhər məktəbliləri arasında keçirilən futbol turnirində III yerin sahibi olub. Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı breyn-rinq intellektual yarışında Nizami rayonu üzrə III yerə layiq görülüb. Diplomat olmağı arzulayır.

 

 

 

 

 

 

 

Quluzadə Zeynəb Malik qızı

 

27 may 2001-ci ildə anadan olub. Zeynəb Quluzadə ibtidai təhsilini 5 nömrəli tam orta məktəbdə alıb.  2011-ci ildə isə Texniki-Humanitar Liseydə keçirilən qəbul imtahanında yüksək nəticə əldə edərək liseyin 5-ci sinfinə qəbul olub. Hazırda liseyin XI sinif şagirdidir.

Zeynəb Quluzadə 2016-2017-ci tədris ilində Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bürünc medal, 2017-2018-ci tədris ilində isə eyni fənn üzrə qızıl medal qazanıb. 2018-ci  ildə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayıb.

Musiqiyə, incəsənətə böyük marağı var. Hüquqşünas olmaq istəyir. 

 

 

 

 

 

Məmmədov Azər Hüseyn oğlu

 

11 aprel 2002-ci ildə anadan olub. 2008-ci ildə Masallı rayonunda I sinfə qəbul olunub. 2011-ci ildən Bakı şəhəri 116 nömrəli tam orta məktəbdə təhsilin davam etdirir. Hazırda 116 nömrəli tam orta məktəbin X sinif şagirdidir.

IX sinfi qırmızı şəhadətnamə ilə bitirib. Fəallığı ilə seçilən şagirdlərdəndir.

Respublika Fənn Olimpiadalarında qızıl medalın sahibi olmağı arzulayır. Coğrafiya fənninə böyük marağı var.