22.05.2018

Olimpiada qalibləri: Onları siz də tanıyın! - III

2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Azərbaycan Təhsil Portalının (Az.edu.az) birgə layihəsi çərçivəsində olimpiada qaliblərini təqdim edirik. Onları Siz də tanıyın.

 

 

Kərimli Elvin Eyvaz oğlu 

 

 

12 yanvar 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin I sinfinə gedib. Hazırda 45 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. İstedadı və təfəkkürü, səlis nitqi və sərbəst fikir yürütmək qabiliyyəti ilə seçilir.

2016-2017-ci tədris ilində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışında I yerə layiq görülüb. “Əlaçı” televiziya verilişinin ikiqat qalibidir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında tarix fənni üzrə III yeri tutub və bürünc medalın sahibi olub. 2018-ci ildə III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticəni (700 bal) əldə edib.

Mütaliəyə və futbola böyük marağı var.

Hüquq ixtisası üzrə təhsil almağı arzulayır.

 

 

 

 

Mövludlu Əflatun Qalib oğlu 

 

9 mart 2000-ci ildə anadan olub. 2006-cı ildə Şəki şəhərinin Şin kənd məktəbinin I sinfinə qəbul olub. 2011-ci ildən Bakı şəhəri 121 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. Hazırda 121 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənir.

2018-ci ildə Xəzər rayon məktəbləri arasında keçirilən “Nə? Harada? Nə zaman?”  intellektual bilik yarışında I, həmin ilin aprel ayında təşkil edilən “Xəmsə” milli intellektual oyununda  II, görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Qələbəyə doğru” intellektual oyununun final mərhələsində isə III yerin sahibi olub.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya üzrə III yeri tutub. 2018-ci  ildə ali məktəblərə qəbul imtahanlarında 631 bal toplayıb.

Texniki fənlərə böyük marağı var. İqtisadçı olmağı arzulayır. 

 

 

 

 

Mirişov Nəriman İrahid oğlu 

 

14 sentyabr 2000-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın I sinfinə gedib. Hazırda 160 nömrəli Klassik Gimnaziyanın XI sinif şagirdidir. Sakit və təmkinli olması ilə fərqlənən şagirdlərdəndir.

2015-2016-cı və 2016-2017-ci tədris illərində Respublika Fənn Olimpiadalarında kimya fənni üzrə I, 2017-2018-ci tədris ilində II yerə layiq görülüb.

23-30 aprel 2017-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilən 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında II, 22-28 aprel 2018-ci il tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçirilən 52-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında isə II yerə layiq görülüb.

Təbiət elmlərinə böyük marağı var. Elmlə məşğul olmağı arzulayır.

 

 

 

 

 

 

Aslanlı Şüeyib Rövşən oğlu 

 

30 avqust 2004-cü ildə anadan olub. 2010-cu ildə Bakı şəhəri 96 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 96 nömrəli tam orta məktəbin VIII sinif şagirdidir. Nümunəvi və fəal şagirdlərdəndir.

2016-cı ildə Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadasında III yeri tutaraq sertifikatla təltif edilib.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə III yerə layiq görülüb və bürünc medalın sahibi olub.

Texniki fənlərə böyük marağı var. “ADA” Universitetində təhsil almağı arzulayır.

 

 

 

 

 

 

 

Nəbiyev Şəmsur İlqar oğlu 

 

4 dekabr 2000-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 259 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 259 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Nümunəvi davranışı və fəallığı ilə seçilən şagirdlərdəndir. 

2016-2017-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə yarımfinala qədər yüksəlib. 2017-2018–ci tədris ilində Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə II yeri tutub.

Həkim olmağı və nailiyyətləri ilə ölkəmizi xarici ölkələrdə təmsil etməyi arzulayır.

Futbola böyük marağı var.


Açar sözlər: ,