31.05.2018

“Təhsil sosial mediada” layihəsinin iştirakçıları mükafatlandırılıb

Mayın 31-də Təhsil Nazirliyində “Təhsil sosial mediada” layihəsi çərçivəsində təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, layihə iştirakçıları iştirak edib.

Tədbir iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Təhsil sosial mediada” layihəsi Azərbaycanda təhsilin inkişafı ilə bağlı strateji hədəflərin reallaşdırılması sahəsində həyata keçirilən islahatyönlü tədbirlərin mahiyyətinin təbliğ və təşviqini gücləndirmək, həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək, habelə bu prosesə ictimai dəstəyin genişləndirilməsini təmin etmək məqsədi daşıyır. Təhsil sahəsində aparılan yeniliklərdən danışan nazir müavini iştirakçılara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çıxış edənlər layihə ilə bağlı fikirlərini bölüşüb, aparılan islahatlara öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər. 

Daha sonra iştirakçılar “Təhsil sosial mediada” layihəsi çərçivəsində təhsil sahəsində həyata keçirilən islahatyönlü tədbirlər haqqında ictimaiyyətdə obyektiv rəyin formalaşdırılması, bu sahədə səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” ilə təltif olunublar.