04.06.2018

Müsabiqənin birinci mərhələsi keçirilib

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.

IV Respublika fənn müsabiqələrinin birinci mərhələsində Bakı şəhəri ümumi təhsil müəssisələrindən Azərbaycan bölməsi üzrə 5 571, rus bölməsi üzrə 1 007 nəfər şagird olmaqla, ümumilikdə 6 580 nəfərə yaxın şagird iştirak edib. Şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.

Müsabiqənin birinci mərhələsi paytaxt üzrə 9 mərkəzdə (26, 32, 114, 138, 139,189-190, 211, 271, 276 nömrəli tam orta məktəblər) təşkil olunub. Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər növbəti turda seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.


Açar sözlər: ,