05.06.2018

Altı məktəb qalib oldu

Paytaxtda ümumi təhsil müəssisələrinin şagirdləri arasında voleybol idman növü üzrə turnir keçirilib.

Yarışın təşkil olunmasının əsas məqsədi məktəbdənkənar kütləvi bədən tərbiyəsi, eləcə də, idman tədbirlərini təkmilləşdirmək, voleybol idman növünü məktəblilər arasında təbliğ və inkişaf etdirməkdən ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil  İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 2003-2005-ci il təvəllüdlü qızlar və oğlanlardan ibarət komandalar 3 mərhələdə qalibiyyət uğrunda mübarizə aparıblar.

Yarışın nəticələrinə əsasən, oğlanlar arasında 89 nömrəli tam orta məktəbin komandası I, 117 nömrəli tam orta məktəbin komandası II, 304 nömrəli məktəb-liseyin komandası isə III yerə layiq  görülüb.

Qızlar arasında isə 269 nömrəli tam orta məktəbin komandası I, 26 nömrəli tam orta məktəbin komandası II, 311 nömrəli tam orta məktəbin komandası III yeri tutub.

Qalib komandalar müvafiq dərəcəli diplom və medallarla təltif olunub. Yarışda xüsusi fərqləndiyinə görə 26 nömrəli tam orta məktəbin şagirdi Ləman Qurbanovaya turnirin xüsusi hədiyyəsi təqdim edilib.