06.06.2018

Gənc bioloqlar final mərhələsində

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında təşkil olunan gənc bioloqların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

Bakı Mühəndislik Universitetində (BMU) təşkil olunan tədbirdə BMU-nun rektoru Havar Məmmədov, BŞTİ-nin müdir müavinləri Hüseyn Əsgərov və Nərgiz Səfərova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanan məktəblərin komandaları və KİV nümayəndələri iştirak ediblər.

Öncə komanda üzvləri və onların rəhbərləri universitetin geniş auditoriyası, elmi-tədqiqat laboratoriyalarındakı müasir texniki aparat və cihazları ilə əyani şəkildə tanış olublar.

Daha sonra komandalar ümumi təhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq  2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını, 2 məsələni  və  1 təcrübə  işini  yerinə yetiriblər.

Tədbiri giriş sözü ilə açan BMU-nun rektoru Havar Məmmədov müsabiqənin final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. H.Məmmədov belə müsabiqələrin şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlimdə motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib.

Daha sonra çıxış edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov BMU-nun rəhbərliyinə və kollektivinə müsabiqə çərçivəsində yaradılan şəraitə görə təşəkkürünü bildirib.

H.Əsgərov müsabiqənin məktəblilərin biologiya elminə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə IX, X və XI sinif şagirdləri arasında təşkil edildiyini söyləyib. Müdir müavini onu da qeyd edib ki, müsabiqənin final mərhələsində təcrübə işinin yerinə yetirilməsi məktəblilərin tədqiqat işlərinə marağının artırılması və ali təhsil müəssisələrinin təcrübə imkanlarından şagirdlərin istifadə etməsinə şərait yaradılmasında mühüm əhəmiyyətə malikdir. 

Müsabiqənin final mərhələsində Nizami rayonu üzrə 229, Pirallahı rayonu üzrə 186, Qaradağ rayonu üzrə 288, Yasamal rayonu üzrə 158, Nəsimi rayonu üzrə 164, Nərimanov rayonu üzrə 57, Sabunçu  rayonu üzrə 259, Binəqədi rayonu üzrə 99, Xəzər rayonu üzrə 241, Suraxanı rayonu üzrə 285, Səbail rayonu üzrə 236 nömrəli   tam orta  məktəblərin komandaları, Xətai rayonu  üzrə isə eyni  bal  topladıqlarına  görə 165 nömrəli tam orta məktəbin  və 287 nömrəli “Zəkalar” liseyinin komandaları iştirak ediblər.

Sonda 13 komandanın tərkibindəki 39 şagirdə finala vəsiqə qazandıqları üçün BŞTİ və BMU tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin final mərhələsində doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi isə 5 balla qiymətləndiriləcək. Ekspert qrupları tərəfindən müsabiqənin nəticələri təhlil ediləcək, qalib komandalara BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.


Açar sözlər: ,