20.06.2018

“Məktəb seminarları”na start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunmuş “Məktəb seminarları”na start verilib.

“Məktəb seminarları”nın ilk sessiyaları Nəsimi və Səbail rayonlarının ümumi təhsil məktəblərini əhatə edib.

Sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər  iştirak ediblər.

“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına dair il ərzində görülən işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. 

Artıq 4-cü ildir ki, təşkil olunan layihənin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Cümhuriyyətimizin 100-cü ildönümündə paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan, 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunması ilə əlaqədar həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.

M.Vəliyeva “Məktəb seminarları” layihəsinin əhəmiyyətindən və müzakirə olunan məsələlərin nəticələrindən danışıb.

Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Bəşarət Məmmədov, TDM-in direktoru Samirə Bektaşi və digər şəxslər rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, I sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, ictimaiyyətlə əlaqələr, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər müvafiq mövzularda çıxış ediblər.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Təhsil haqqında Qanun”a edilən dəyişikliklər, ümumi təhsil müəssisələrində  təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi, şagirdlərin internetdən təhlükəsiz istifadəsi məsələləri müzakirə olunub. 

Həmçinin, “Məktəb seminarları” layihəsi çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər də keçirilib.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, sessiyalar paytaxtın12 inzibati rayonu üzrə hər gün keçiriləcək.