22.06.2018

IV Respublika fənn müsabiqələrinin finalçıları bəlli olub

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən IV Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri bəlli olub.

Müsabiqənin nəticələrinə əsasən, 6 580 iştirakçı şagirddən 655-i biologiya, 735-i fizika, 338-i informatika, 488-i kimya və 2 189-u isə riyaziyyat fənləri üzrə qalib gələrək ikinci mərhələyə (finala) vəsiqə qazanıb.

IV Respublika fənn müsabiqələrinin birinci mərhələsində şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.

Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər iyunun 30-da keçiriləcək final mərhələsində seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.