27.06.2018

Məktəblilərarası badminton yarışları

Paytaxtda ümumi təhsil müəssisələrinin şagirdləri arasında badminton idman növü üzrə turnir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil  İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan turnirdə şagirdlər komanda və fərdi şəkildə qalibiyyət uğrunda mübarizə aparıblar.

Qızlar və oğlanlar arasında təşkil olunmuş yarışda paytaxtın 12 inzibati rayonu üzrə hər məktəbdən 2 komanda iştirak edib. Komandalar arasında keçirilən yarışın nəticələrinə əsasən, 260 nömrəli tam orta məktəbin komandası I, 286 nömrəli tam orta məktəbin komandası II və 260 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Fərdi yarışlarda isə oğlanlar arasında 260 nömrəli tam orta məktəbin şagirdləri Aqil Qəbilov I, Vaqif İsmayılov II, 286 nömrəli tam orta məktəbin şagirdi Kamran Əzizov III yerə layiq görülüb.

Qızlar arasında isə 286 nömrəli tam orta məktəbin şagirdi Xavər Bayramova I, 260 nömrəli tam orta məktəbin şagirdləri Nigar Səmədova II, Sevil Salamova III yeri tutub.

Qalib komandalar və fərdi yarışlarda fərqlənən idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunub.