02.07.2018

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.

Final mərhələsinə Bakı şəhəri üzrə 900 nəfər qatılıb. Onlardan 362 nəfəri riyaziyyat, 97 nəfəri kimya, 223 nəfəri fizika, 132 nəfəri biologiya, 86 nəfəri isə informatika fənni üzrə müsabiqədə iştirak edib. Şagirdlər 25-i seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən), 15-i isə məntiqə aid suallar olmaqla, ümumilikdə 40 test tapşırığını yerinə yetiriblər.

Fənn müsabiqələrinin finalı 3 mərkəzdə təşkil edilib. Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər.

Qeyd edək ki, IV Respublika fənn müsabiqələrinin ilk mərhələsində şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.


Açar sözlər: ,