05.07.2018

Müsabiqənin final mərhələsinin nəticələri açıqlanıb

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən IV Respublika fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb.

Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 16 nəfər riyaziyyat, 21 nəfər kimya, 19 nəfər fizika, 13 nəfər biologiya, 18 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq qalib olub.

Fənn müsabiqələrinin final mərhələsinin nəticələri www.olimpiada.edu.az  saytında elan edilib.

Müsabiqənin final mərhələsində şagirdlər 25-i seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika), 15-i isə məntiqə aid suallar olmaqla, ümumilikdə 40 test tapşırığını yerinə yetiriblər. Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.


Açar sözlər: ,