16.07.2018

Pedaqoji mühazirələrin nəticələri bəlli olub

Respublika pedaqoji mühazirələri başa çatıb.

Pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübəsini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib.

Pedaqoji mühazirələrdə fərqlənən müəllimlər, məktəb rəhbərləri, məsləhətçilər, psixoloqlar I, II, III dərəcəli diploma və Tərifnaməyə layiq görülüb.

Pedaqoji mühazirələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan pedaqoji işçilər də uğurla iştirak edərək, müvafiq nominasiyalar üzrə təltif olunublar.

Belə ki,  7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova, 1 nömrəli tam orta məktəbin rus dili müəllimi Xatirə Quliyeva,  164 nömrəli tam orta məktəbin direktor müavini Nazimə Zeynalova və 270 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Şahbazova III dərəcəli diplomla təltif olunublar.

Həmçinin, 60 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov, 13 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nuridə Qarayevan və Bakı şəhəri 239 nömrəli tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblı Tərifnaməyə layiq görülüblər.

Qeyd edək ki, pedaqoji mühazirələr 2 mərhələdə - rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil olunub. Ümumilikdə, ölkə mərhələsi üzrə 14 bölmədə 113 mühazirə dinlənilib. Pedaqoji mühazirələr 10 ballıq sistemlə  qiymətləndirilib.

Yekun mərhələdə  Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaları 17, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrini 10,  Gəncə, Sumqayıt və Şirvan şəhərlərinin hər birini 3, respublikanın digər şəhər və rayonlarını 74 məruzəçi təmsil edib.


 

Respublika pedaqoji mühazirələrinin yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri