16.10.2018

Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi

18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar yaradıcılıq sərgisi keçirilib.

Paytaxt məktəbliləri və müəllimlərin əl işlərindən ibarət olan “Zirvələrə doğru” adlı sərgidə Nəsimi Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, Xətai Sənət Mərkəzinin direktoru, BŞTİ-nin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Xətai Sənət Mərkəzində təşkil olunan tədbiri 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Könül Mustafayeva giriş nitqi ilə açıq elan edib. Çıxışı zamanı direktor Azərbaycan tarixinin ən mühüm günlərindən biri sayılan Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb.

Çıxış edənlər o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin  xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar olduğu və bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsinə zəmin yaradıldığı barədə danışılıb. Ümummilli liderin Azərbaycanın zəngin, qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Daha sonra 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunmuş sərgiyə baxış keçirilib, Rəssamlar İttifaqı tərəfindən müəllim və şagirdlərə diplom və sertifikatlar təqdim olunub.

Sərgi 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin musiqi və rəqs nömrələri ilə davam etdirilib.

Qeyd edək ki, sərgidə 30 əl işi və 90 rəsm nümayiş olunub.


Açar sözlər: