05.11.2018

“Məktəblinin dostu kuboku” başa çatıb

Noyabrın 5-də Dövlət Bayrağı Gününə həsr olunan “Məktəblinin dostu kuboku” futbol çempionatının final mərhələsinə yekun vurulub.

Final qarşılaşmasında 276 nömrəli tam orta məktəbin komandası “Məktəblinin dostu kuboku”nun qalibi olub. 9 nömrəli tam orta məktəbin komandası II, 12 nömrəli məktəbin komandası III yeri tutub.

Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırması mərasimi keçirilib. Məktəbli futbolçulara “Norm” MMC-nin sponsorluğu ilə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.

Tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak edib. Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev çıxış edərək qalib komandaları təbrik edib, dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Oktyabr ayında başlayan “Məktəblinin dostu kuboku” adlı futbol çempionatında layihənin tətbiq olunduğu 32 məktəbin VII və VIII sinif şagirdlərindən ibarət komandalar mübarizə aparıb. Çempionatın məqsədi məktəblilərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və futbol idman növünə marağın artırılmasıdır.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.