21.11.2018

“Eko səyahət” Respublika uşaq qısa film müsabiqəsi qaliblərinin mükafatlandırılması

Noyabrın 21-də Təhsil Nazirliyi və YUNİSEF arasında “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi çərçivəsində həyata keçirilən “Eko səyahət” Respublika uşaq qısa film müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.

Müsabiqənin əsas məqsədi ekoloji problemlərə ictimai diqqəti artırmaq, məktəblilərin ətraf mühitin qorunmasında fəal iştirakını təmin etməkdir.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, məktəblilərin ekoloji biliklərinin artırılması, ekoloji problemlərin həlli məsələlərinə cəlb olunması, iqlim dəyişikliyi, fəlakət riskinin azaldılması məsələləri təhsil müəssisələrinin fəaliyyət planının tərkib hissəsidir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün nazirlik tərəfindən bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini qeyd edən Firudin Qurbanov bu tədbirlər arasında ekoloji təhsil proqramları, iqlim dəyişmələri, təbii resursların qorunması ilə bağlı layihələrin çoxluq təşkil etdiyini deyib.  

Müsabiqədə 710 şagird iştirak edib. Seçim mərhələsinə 112 videoçarx keçib. Müsabiqədə Balakən rayon Qazma kənd 2 nömrəli tam orta məktəbi I yer, Bakı şəhər 20 nömrəli məktəb-lisey  II yer, Neftçala rayon A.Dadaşov adına Yeniqışlaq kənd ümumi orta məktəbi və Göygöl rayon Texniki, Təbiət Fənləri Təmayüllü liseyi III yeri tutub.  Həmçinin 13 videoçarx müəllifi həvəsləndirici yerlərlə təltif edilib.