03.12.2018

Buxarest şəhərinə təhsil səfəri 

Rumıniyanın paytaxtı Buxarest şəhərinə təhsil səfəri təşkil edilib.

Səfərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdirləri Anar Qədiməliyev, Samirə Bektaşi və 291 nömrəli Ekologiya Liseyinin direktoru Kəmalə Mirzoyeva iştirak edib.

BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun təşəbbüsü ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində təşkil olunan səfər “Məktəb özünüqiymətləndirmə” mövzusuna həsr edilib.

Səfərin əsas məqsədi təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirmək və qiymətləndirmə sahəsində qabaqcıl təcrübəni öyrənməkdən ibarətdir.

Səfər çərçivəsində 4 gün davam edən öyrədici seminarlarda Rumıniyanın təhsil sistemi, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəllim və şagirdlərin qiymətləndirilməsi, eləcə də məktəb inspeksiyaları haqqında ətraflı məlumat verilib.

Seminarlar zamanı Azərbaycan nümayəndə heyəti ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bilik və bacarıqlarının müvafiq standartlara uyğun qiymətləndirilməsi barədə beynəlxalq təcrübə ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Həmçinin səfər çərçivəsində Rumıniya Təhsil nazirinin müavini İonel Florian Lixandrunun rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri və məktəb direktorları ilə görüş keçirilib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi, məktəb özünüqiymətləndirmə, şagird-valideyn-məktəb müstəvisində münasibətlərin qurulması və digər məsələlər müzakirə olunub, müxtəlif sahələr üzrə fikir mübadiləsi aparılıb.