17.12.2018

“Şagirdlər tanıdır” layihəsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Şagirdlər tanıdır” layihəsi çərçivəsində tur-aksiya keçirilir.

Layihənin təşkil olunmasının əsas məqsədi Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, şagirdlərin təhsil aldığı məktəblərin yerləşdiyi ərazinin tarixi və mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri barədə digər rayonlardan gələn şagirdlərə ətraflı məlumat verməkdən ibarətdir.

Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanı rayonları üzrə tur-aksiyada BŞTİ-nin tabeliyindəki 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin VI-VIII sinif şagirdləri iştirak edir. Aksiya çərçivəsində şagirdlər getdikləri yer barədə topladıqları məlumatları digər məktəblərin şagirdləri ilə bölüşürlər.

İlk olaraq 76 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tur-aksiya Suraxanı rayonu ərazisinə təşkil olunub. Əvvəlcə Heydər Əliyev Mərkəzi və Atəşgah məbədi ziyarət edilib. Mərkəzlə tanışlıq zamanı şagirdlərə müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. Atəşgah məbədində 76 nömrəli tam orta məktəbin şagirdləri məbədin tarixi ilə bağlı qonaq şagirdlərə ətraflı məlumat veriblər.

Növbəti tur-aksiya 312 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Nizami rayonu ərazisinə təşkil olunub. İlk olaraq şagirdlər Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Burada şagirdlərə qəsəbənin şəhidləri haqqında ətraflı məlumat verilib. Daha sonra məktəblilər Keşlə qəsəbəsinin  tarixi abidələrdən sayılan Şah Abbas məscidi ilə yaxından tanış olublar. Həmçinin şagirdlər 300 ildən artıq yaşı olan "Keşlə bəy hamamı"na da ekskursiya ediblər.

Layihə çərçivəsində növbəti görüşlərin digər rayonlarda da davam etməsi nəzərdə tutulur.