21.12.2018

Məktəblilərin idman uğurları

Paytaxt məktəblilərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardaparlaq uğurlar qazanıb.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 297 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əli Sadıqzadə Gürcüstanda kikboksinq idman növü üzrə keçirilən beynəlxalq yarışda I yerə layiq görülüb. Final mərhələdə 2 erməni idmançını məğlub edən Ə.Sadıqzadə qızıl medal və diplomla mükafatlandırılıb.

Uğur qazanan digər idmançılar isə 72 nömrəli məktəb-liseyin şagirdləridir. Belə ki, Azərbaycanda karate idman növü üzrə keçirilən beynəlxalq yarışda II sinif şagirdi Zaur Mirzəzadə və  V sinif şagirdi Ziyəddin Nağızadə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qaxıblar. Qalib məktəblilər qızıl medal və diplomla mükafatlandırılıblar.

76 nömrəli tam orta məktəbin V sinif şagirdi Aydan Məmmədova Macarıstanda bədii gimnastika üzrə 250-dən çox idmançının mübarizə apardığı beynəlxalq yarışda II yerə layiq görülüb. Məktəbli medal və diplomla mükafatlandırılıb.

Eyni zamanda 20 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Reyhan Məmmədzadə Macarıstanda keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə uğurla iştirak edib. Məktəbli 250 idmançı arasında III yerə layiq görülərək medal və diplomla mükafatlandırılıb.