05.02.2019

Məktəblilər arasında şeir müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında “Azərbaycan dili-milli varlığımızdır” mövzusunda şeir müsabiqəsi keçiriləcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir.

Müsabiqənin VI-XI sinif şagirdləri arasında fevral-mart aylarında üç  mərhələdə keçirilməsi nəzərdə tutulub.

“Azərbaycan dili-milli varlığımızdır” mövzusunda şeir müsabiqəsinin I mərhələsi 5-22 fevral tarixlərində ümumi təhsil müəssisələrində təşkil olunacaq. Müsabiqənin təhsil müəssisələrində keçirilmiş mərhələsində yalnız I yerin qalibləri rayon mərhələsində iştirak etmək hüququ qazanacaq.

Müsabiqənin II mərhələsi 25 fevral-7 mart, III mərhələsi isə 11-30 mart tarixlərində baş tutacaq. Müsabiqənin III–şəhər mərhələsində rayon mərhələsində I, II yerləri tutan şagirdlər iştirak edəcək. Şəhər mərhələsində I, II və III yerləri tutan iştirakçılar qalib olacaq.

Müsabiqənin əsasnaməsinə əsasən, seçilmiş şeirin mövzuya uyğunluğu,  məzmuna uyğun  jest və  mimikalardan,  səs tonundan, intonasiyadan   məqsədyönlü  istifadə   edilməsi,  nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün  ayrılmış vaxta riayət edilməsi əsas meyarlardır. Qeyd edək ki, hər bir şeirin ifası üçün ayrılmış vaxt 5-7 dəqiqədir.

“Azərbaycan dili-milli varlığımızdır” şeir müsabiqəsinin qalibləri 5 ballıq sistem üzrə qiymətləndiriləcək.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin tədbirlər planının icrasını təmin etmək məqsədilə  keçirilir.


Açar sözlər: ,