14.02.2019

Respublika fənn olimpiadalarının nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri bəlli olub.

Olimpiadada bütün fənlər, siniflər üzrə 40 faiz və yuxarı (fizika fənni üzrə X siniflər üçün isə 30 faiz və yuxarı) nəticə göstərmiş şagirdlər Respublika fənn olimpiadalarının növbəti mərhələsində iştirak etmək hüququ əldə edib. 

Şəhər mərhələsində şagirdlər 3 saat vaxt ərzində Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə 25 qapalı test sualını cavablandırıblar.

Qeyd edək ki, paytaxt üzrə bilik yarışında IX, X və XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri daxil olmaqla, ümumilikdə 7 233 şagird iştirak edib. Onlardan 5 681 nəfəri BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləridir. 1 552 nəfər isə paytaxt üzrə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də özəl məktəblərin şagirdləridir.

Olimpiadanın nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür.

Respublika fənn olimpiadalarının növbəti mərhələsinə qeydiyyat 5-20 mart tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə həyata keçiriləcəkdir.

Onu da qeyd edək ki, Respublika fənn olimpiadalarının təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin olunması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.


Açar sözlər: ,