04.03.2019

Respublika çempionatının voleybol idman növü üzrə qalibi müəyyənləşib

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 1-2 mart 2019-cu il tarixlərində keçirilən məktəblər arasında respublika çempionatının voleybol idman növü üzrə final mərhələsinə yekun vurulub.

Çempionatın proqramına uyğun olaraq, final mərhələsində zona yarışlarında I və II yeri tutan 12 komanda mübarizə aparıb.

Yarışların nəticəsi olaraq, I yeri Bakı şəhəri 269 nömrəli məktəbin, II yeri Şəki rayonu Böyük Dəhnə kənd 2 nömrəli məktəbin, III yeri isə Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbinin komandası tutub. Qalib komanda Xorvatiyanın Poreç şəhərində keçiriləcək məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, müxtəlif idman növləri üzrə məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış əmrə əsasən keçirilir. 2018-ci ilin oktyabr ayından başlanılan voleybol idman növü üzrə yarışlarda 1303 orta məktəb üzrə 60 mindən artıq şagird iştirak edib.