18.03.2019

Təhsil müəssisəsində təntənəli bayram tədbiri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı 28 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

Xalqımızın qədim tarixini, milli adət və ənənələrini  gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə keçirilən tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qənirə Əmircanova ulu əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, Novruz bayramının tarixi əhəmiyyəti barədə danışıb.

BŞTİ-nin müdiri Rəşad Tağıyev tədbir iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə təbrik edərək, bayramın xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib.

Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu deyən idarə müdiri  bu bayramın yenidən Qarabağ torpaqlarında keçiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən qonaqlar xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Bildirilib ki, zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.

Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızının gəlişi,  idmançıların, tarixi və kino personajlarının çıxışları tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.