27.03.2019

Müsabiqə qalibləri bəlli olub

Məktəblilər arasında “Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsinin şəhər mərhələsinin qalibləri müəyyənləşib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş müsabiqənin şəhər mərhələsində 36 şagird iştirak edib.

VI-XI sinif şagirdləri arasında təşkil olunmuş müsabiqənin nəticələrinə əsasən, 158 nömrəli tam orta məktəbin şagirdi Əzizəxanım Kazımova I, 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Əbülfəz Rzazadə II, 173 nömrəli tam orta məktəbin şagirdi Rəşad Rza isə III yeri tutub. Bundan əlavə, 165 nömrəli tam orta məktəbin şagirdi İnci Mikayıllı, 114 nömrəli tam orta məktəbin şagirdi Kənan Qayxıyev, 251 nömrəli tam orta məktəbin şagirdi Cəmilə Muradova,  322 nömrəli tam orta məktəbin şagirdi Aydan Vəkilova, 250 nömrəli tam orta məktəbin şagirdi Duyğu Həşimli, 17 nömrəli tam orta məktəbin şagirdi Leyla Hümbətova, 47 nömrəli tam orta məktəbin şagirdi Nigar Şirinova,  58 nömrəli tam orta məktəbin şagirdi Səma Əsədzadə, 234 nömrəli tam orta məktəbin şagirdi Fidan Ağayeva, 160 nömrəli Klassik gimnaziyanın şagirdi Nərgiz Məmmədli, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) dərnək üzvü Rövşanə Mirzəyeva və 7 nömrəli UGİM-in dərnək üzvü İbrahim Şirinov isə həvəsləndirici yerlərə layiq görülüb.

Müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun  jest və  mimikalardan,  səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün  ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürülüb.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqə Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilir.


Açar sözlər: ,