28.03.2019

Bakı məktəbliləri Türkiyədə

Paytaxt məktəbliləri Türkiyədə Novruz bayramı və TRT AVAZ telekanalının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) “Dan ulduzu” rəqs ansamblının canlı yayımda təqdim etdiyi xalq rəqsləri tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və TRT-nin birgə dəstəyi ilə keçirilən tədbirdə 4 nömrəli UGİM-in rəqs qrupu “Odlar yurdu” və “Qaval” adlı Azərbaycanın milli rəqslərini ifa ediblər.

Tədbirdə məktəblilər Azərbaycan xalqının mədəniyyət və adət-ənənələrini nümayiş etdirib, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqındakı bilgilərini öz həmyaşıdları ilə bölüşüblər.

Sonra Niğdə bələdiyyəsində rəqs qrupunun üzvləri ilə görüş keçirilib. Görüş iştirakçıları Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər.

Daha sonra məktəblilər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında olublar.

Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.