08.04.2019

Məktəblilər arasında rəsm müsabiqəsinə start verilib

Məktəblilər arasında XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunan “İdman-sağlamlıq, dostluq, birlik..." mövzusunda rəsm müsabiqəsinə start verilib.

Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”na cəlb olunmuş ümumi təhsil müəssisələri arasında təşkil olunur.

Rəsm müsabiqəsinin keçirilməsinin məqsədi XV Avropa Gənclər Olimpiya Festivalını təbliğ etmək, məktəblilərə “Olimpiya hərəkatı”nı tanıtmaq, olimpiya dəyərləri və ideyalarını, tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, məktəblilər arasında idmana olan marağı daha da artırmaq, uşaq və gənclərin yaradıcılıq qabiliyyəti və istedadlarını üzə çıxarmaqdan ibarətdir.

Aprelin 15-dək müsabiqənin I turu məktəblərdə keçiriləcək. I turda qalib olan rəsm işləri aprelin 20-dək 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə təqdim edilməlidir. 20 aprel-15 may tarixlərində qəbul edilmiş rəsm işləri təşkilatçılara məxsus sosial şəbəkələr vasitəsilə bəyənilmə üçün yayımlanacaq.

Müsabiqədə 6-10 və 11-14 yaş qrupu üzrə məktəblilər iştirak edə bilər. Müsabiqəyə qatılan hər məktəbdən 4 rəsm işi qəbul ediləcək (hər yaş kateqoriyası üzrə 2  rəsm işi).

Müsabiqənin yekun mərhələsində rəsm işləri 2 səviyyədə qiymətləndiriləcək. Qiymətləndirmə 50 faiz sosial şəbəkələrdə qazanılmış bəyənmələrin ümumi sayı və 50 faiz müsiflər heyətinin qiyməti əsasında formalaşacaq.

Müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən işlərin müəllifləri Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.

Müsabiqənin bütün iştirakçılarına sertifikat təqdim olunacaq.


Açar sözlər: ,