24.04.2019

“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri

Ümumi təhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun paytaxt üzrə rayon birinciliyinin qalibləri bəlli olub.

Belə ki, paytaxtın Binəqədi rayonu üzrə 100, Xəzər rayonu üzrə 26, Sabunçu rayonu üzrə 148, Qaradağ rayonu üzrə 195, Nizami rayonu üzrə 328, Nərimanov rayonu üzrə 178, Yasamal rayonu üzrə 20, Xətai rayonu üzrə 221 nömrəli tam orta məktəblərin, Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziya, Nəsimi rayonu üzrə “Atatürk” liseyi, Suraxanı rayonu üzrə isə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın komandası qalib olub.

Rayon birinciliyinin qalib komandaları diplom, Fəxri fərman və kubokla təltif olunublar.

Qaliblər aprelin 27-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində keçiriləcək Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıblar.

“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.   

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Təhsil NazirliyiGənclər və İdman NazirliyiMüdafiə NazirliyiFövqəladə Hallar NazirliyiMədəniyyət NazirliyiSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilir.