13.06.2019

“Bizim dünyamız” adlı tədbir

Paytaxt məktəbində xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün 2018-2019-cu tədris ilinin sonu ilə bağlı buraxılış tədbiri keçirilib.

219 nömrəli evdə təhsil məktəbində keçirilən “Bizim dünyamız” adlı tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Samirə Bektaşi, Təhsil sisteminin İnformasiyalaşdırılması İdarəsinin nümayəndələri Səbinə Hacızadə, Fərid Hüseynov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açıq elan edən 219 nömrəli evdə təhsil məktəbinin direktoru Sahilə Əliyeva xüsusi təhsilin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Çıxışı zamanı direktor məktəbin fəaliyyəti haqqında ümumi məlumat verib. Məktəb direktoru 2018-2019-cu tədris ilində məktəbdə 359 şagirdin təhsil aldığını bildirib.

Tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Samirə Bektaşi ölkəmizdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. Sektor müdiri Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblərin əsaslı təmir edildiyini və ya yenidən qurulduğunu diqqətə çatdırıb. S.Bektaşi çıxışı zamanı sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini gücləndirmək məqsədilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın uşaqların cəmiyyətə inteqrasiya olunması və təhsil almaları üçün əlverişli mühit yaratdığını da qeyd edib.

Tədbirdə şagirdlərin iştirakı ilə musiqili proqram təşkil olunub.