19.06.2019

İngilis dilində təqdimat müsabiqəsi

Paytaxt məktəbliləri arasında ingilis dilində təqdimat müsabiqəsi keçirilib.

Müsabiqədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində İngilis dili resurs mərkəzləri yaradılan ümumi təhsil məktəblərinin şagirdləri iştirak edib.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin əldə etdikləri xarici dil və İKT biliklərini daha da möhkəmləndirmək, onlarda xarici dilin öyrənilməsinə marağı artırmaq və tədqiqatçılıq bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Müsabiqədə şagirdlər seçdikləri mövzu barədə ingilis dilində təqdimatlarını 10 dəqiqə müddət ərzində nümayiş etdiriblər.

Müsabiqədə səsləndirilən fikirlər və ideyaların mövzuya uyğunluğu, məzmuna uyğun  jest və  mimikalardan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, düzgünlüyü və təqdimat üçün ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürülüb. Çıxışlar Münsiflər heyəti tərəfindən 4 ballıq sistem üzrə qiymətləndirilib.

Münsiflər heyəti BŞTİ və “British Council”un əməkdaşları və təlimçilərdən ibarət olub.

Müsabiqənin nəticəsinə əsasən, 245 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səma Balıyeva I, 62 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Fərid Bəndiyev II, həmin məktəb-liseyin VII sinif şagirdi Mehriban Hüseynova isə III yeri tutub.

Qaliblər diplom, müsabiqə iştirakçıları isə “Tərifnamə”, hədiyyə kuponu və bədii kitablarla təltif ediliblər.

Qeyd edək ki, BŞTİ və “British Council”un əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində-45, 245, 189-190 nömrəli məktəb və 62 nömrəli məktəb-liseydə İngilis dili Resurs Mərkəzləri yaradılıb. Mərkəzlər Böyük Britaniyadan sifariş olunmuş kitablarla tam təmin olunub.

Cari ildə 245 nömrəli tam orta məktəbdə yaradılan resurs mərkəzdən sözügedən məktəblə yanaşı Xətai rayonunda yerləşən 63, 86, 116, 254, 249 nömrəli tam orta məktəblər, 45 nömrəli tam orta məktəbdə yaradılan resurs mərkəzdən isə sözügedən məktəblə bərabər Nərimanov rayonunda yerləşən 39, 82, 178, 193, 212 nömrəli tam orta məktəblərin şagird-müəllim kollektivi də istifadə edib. 62 nömrəli məktəb-liseydə yaradılan resurs mərkəzdən sözügedən məktəblə yanaşı Nizami rayonunda yerləşən 61, 214 nömrəli tam orta məktəblər və 220 nömrəli məktəb-lisey, 189-190 nömrəli tam orta məktəbdə yaradılan resurs mərkəzdən sözügedən məktəblə yanaşı Səbail rayonundakı 91 nömrəli tam orta məktəb, Nəsimi rayonu 1 nömrəli tam orta məktəb, 16 nömrəli texniki-humanitar təmayüllü lisey və Yasamal rayonu 173 nömrəli tam orta məktəbin şagird-müəllim kollektivi də faydalanıb.


Açar sözlər: ,