16.08.2019

Avqustun 19-dan vakansiya seçiminə başlanılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya mərhələsinə avqustun 19-dan start veriləcək.

Müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər avqustun 23-ü saat 23:59:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Hər bir namizədə 5 yer seçmək hüququ verilir.

Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsi avqust ayının 26-dan başlayacaq.

Qeyd edək ki, BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.