26.08.2019

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb

Avqustun 26-da Təhsil Nazirliyində məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

Konfransda Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev bildirib ki, bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçiriləcək. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 26-dan başlayaraq sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva qeyd edib ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və bu il 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir.

İlhamə Abdullayeva deyib ki, məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur.

Jurnalistlərin nəzərinə çatdırılıb ki, bu qruplarda təhsil dövlət hesabına həyata keçirilir. Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Mətbuat konfransında o da bildirilib ki, valideynlər elektron ərizənin qeydiyyatı ilə əlaqədar yaranan suallara şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzləri, Apelyasiya Komissiyasına yaxınlaşmaqla, həmçinin, yerli təhsili idarəetmə qurumlarına və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon:146-1) zəng etməklə aydınlıq gətirə bilərlər.

               Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.