18.09.2019

Müəllimlərin İKT bilikləri yoxlanılır

Paytaxtdakı ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimlərinin İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmə keçirilir.

Qiymətləndirmədə 500-dən çox müəllim könüllü əsaslarla iştirak edir. Müəllimlər 45 dəqiqə vaxt ərzində onlara təqdim olunan sualları cavablandırırlar.

Qiymətləndirmədə iştirak edən müəllimlər Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən İKT üzrə keçirilən təlimə cəlb olunacaq. “Ümumi təhsil müəssisələrinin müəllimləri üçün onlayn kommunikasiya, sərbəst öyrənmə portalı (edX platforması) və İKT savadlılığının artırılması” mövzusunda keçiriləcək təlim həftədə 3 dəfə olmaqla 18 gün davam edəcək.

Təlimin keçirilməsində məqsəd müəllimlərin İKT üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirmək, təhsilin bütün pillələrində İKT-dən daha səmərəli istifadə imkanlarını artırmaq, şagirdlərə İKT-dən düzgün istifadə vərdişləri aşılamaq üsullarını təlim iştirakçılarına ötürməkdən ibarətdir.