02.10.2019

İrlandiyanın Dublin şəhərinə təhsil səfəri

İrlandiyanın Dublin şəhərinə təhsil səfəri təşkil edilib.

Səfərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev və idarənin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Qədiməliyev iştirak edib.

Təhsil səfəri “Məktəb İnspeksiyalarında İnnovasiyaların Tətbiqi” mövzusuna həsr edilib.

Səfərin əsas məqsədi təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirmək, innovativ məktəb inspeksiyaları sahəsində qabaqcıl təcrübəni öyrənmək, inspeksiyaların şagird nailliyyətində rolu və tətbiqi məsələlərini müzakirə etməkdən ibarətdir.

Səfər çərçivəsində 2 gün davam edən beynəlxalq seminarlarda İrlandiyanın təhsil sistemi, müəllim və şagirdlərin qiymətləndirilməsi, eləcə də, innovativ məktəb inspeksiyaları və onların şagird nailiyyətinə müsbət təsiri barədə ətraflı məlumat verilib.

Daha sonra Skandinaviya ölkələri, Niderland Krallığı, Fransa, İngiltərənin OFSTED İdarəsinin nümayəndələri təhsil inspeksiyalarında tətbiq olunan yenilikləri təqdim ediblər.

Görüş zamanı Avropa Təhsil İnspektorları Assosiasiyasına üzvlük məsələsi də müzakirə olunub və növbəti ildən assosiasiyaya üzv olmaq üçün təkliflər hazırlanacağı vurğulanıb.

Qeyd edək ki, Avropa Təhsil İnspektorları Assosiasiyasına indiyədək 37 dövlət üzv olub.