10.10.2019

Məktəblilər beynəlxalq turnirdən medalla qayıdıblar

Bakı məktəbliləri Moskvada keçirilmiş gimnastika üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Dünyanın müxtəlif ölkələrindən 100-dən çox idmançının rəqabət apardığı yarışda Bakı məktəbliləri layiqli yerlər tutublar.

Belə ki, 236 nömrəli tam orta məktəbin şagirdi Ahu Rzayeva, 20 nömrəli məktəb-liseyin şagirdi Samirə Rzayeva, 160 nömrəli Klassik gimnaziyanın şagirdi Fatimə Zeynalova və “İdrak” liseyinin şagirdi Aybəniz Qafarova uğurlu çıxışlarına görə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüblər. Məktəblilər qızıl medal və diplomla təltif olunublar.

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin şagirdi Dəniz Nağıyeva, 145 nömrəli tam orta məktəbin şagirdi Naimə Məmmədova, 106 nömrəli tam orta məktəbin şagirdi Gülnur Məmmədli, 58 nömrəli tam orta məktəbin şagirdi Mədinə Salmanova II yerə layiq görülərək gümüş medal və diplomla mükafatlandırılıblar.

8 nömrəli tam orta məktəbin şagirdi Fatimə Vəliyeva, Bakı Avropa Liseyinin şagirdi Fatimə Qurbanova və Elitar gimnaziyanın şagirdi Almas Axundova isə nümayiş etdirdikləri çıxışlarına görə III yeri tutublar. Məktəblilər bürünc medal və diploma layiq görülüblər.

Qeyd edək ki, idmançılar Budapeşt  və Dubayda keçiriləcək beynəlxalq yarışlarda da iştirak edəcəklər.